Tez-tez verilən suallar
Kimlər StartUp Azərbaycan –da iştirak edə bilər ?
StartUp Azərbaycanda iştirak etmək üçün yaş və yaşayış yeri məhdudiyyəti yoxdur.
StartUp Azərbaycan yarışmalarında İnternetdən pul qazanmaq, öz İnternet-biznesini qurmaq istəyən hər bir şəxs, tələbə və ya müəllim, hüquqi və ya fiziki şəxs, developerlər, proqramçılar və s. iştirak edə bilər.
İnternet biznes sahəsində, onlayn oyunlar, mobil tətbiqlər, e-ticarət sahəsində yaxşı ideyan varsa və özəl onlayn biznes qurmaq fikrindəsənsə, onda StartUp Azərbaycana baş vurmağa dəyər.
Özəl şirkəti və ya hər hansı xidmət təklif edən özəl İnternet resursunu hazırlayanlar, lakin inkişaf etdirmək imkanı olmayan, investor axtarışında olanlar da StartUp Azərbaycanda iştirak edə bilərlər.
İdeyan varsa, lakin komanda formalaşdıra bilmirsənsə, developer və ya proqramçı, dizayner və ya layihə idarə edən axtarırsansa, StartUp bazarını, biznes planların hazırlanması işini öyrənmək istəyirsənsə, StartUp Azərbaycan bu sahədə Sizə yardımçı ola bilər.
StartUp Azərbaycan-ın idarə edilməsi
AİF və StartUp Azərbaycan-nın təşkilatçılığı ilə həyata keçirilən StartUp Azərbaycan Layihəsi Təşkilat Komitəsi (TK) tərəfindən icra olunur.
Layihə çərçivəsində keçirilən Müsabiqəyə təqdim olunan StartUp-lar Ekspert Şurası tərəfindən qiymətləndirilir. Ekspert şurası İT, İnternet-biznes və sosial media sahəsində, marketinq və maliyyə, layihələrin idarə olunması sahəsində təcrübəli mütəxəssislərdən ibarət olmaqla TK tərrəfindən formalaşdırılır.
Ekspert Şurasında və Məsləhət Qrupunda xarici mütəxəssislər və ekspertlər də təmsil oluna bilər.
Sponsor şirkətlərdən və dəstək verən qurumların nümayəndələrindən, İT və İnternet-biznes sahəsində çalışan təcrübəli mütəxəssislərdən, uğurlu Layihə təmsilçilərindən ibarət olmaqla formalaşdırılan Məsləhət Qrupu StartUp Azərbaycan Layihəsinin idarə olunması istiqamətində TK-ya təklif və tövsiyələr təqdim edir.
Mentorlar İT, sosial media, marketinq və maliyyə sahəsində təcrübəsi olan mütəxəssislərdən ibarət olmaqla TK tərəfindən formalaşdırılır və StartUp –lara məsləhətlər verilməsi, onların dəyərləndirilməsi, tanıtımının daha uğurla həyata keçirilməsi istiqamətində köməklik göstərirlər.
Layihələrin qiymətləndirilməsi. Meyarlar.
Layihələr müxtəlif fəaliyyət istiqamətləri üzrə ixtisaslaşan Ekspertlər tərəfindən qiymətləndirilir.
Ekspertlər layihələrin perspektivliyinə və risklərin dəyərləndirilməsinə üstünlük verirlər. Qiymətləndirmə iki mərhələdə aparılır. Birinci mərhələ təqdim olunan layihələrin ideyasının, qısa təsvirinin və digər məlumatların ekspertlər tərəfindən ümumi dəyərləndirilməsi əsasında həyata keçirilir. Hər bir ekspert öz sahəsi üzrə Layihələri qiymətləndirməklə müvafiq ballar verir. 1-ci mərhələnin yekununda yarımfinalçılar müəyyən olunur. İlkin mərhələdə Ekspertlər ümumi dəyərləndirmə əsasında təklif olunan biznesin nə dərəcədə uğurlu olmasını və təklif edən komandanın şanslarının nə qədər real olmasını dəyərləndirirlər.
2-ci mərhələdə yarımfinalçılar öz geniş biznes planlarını təqdim edirlər. Yarımfinalçılar öz layihələrinin təqdimatlarını həyata keçirirlər.
Ekspertlər tərəfindən aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq finalçılar müəyyən olunur.
Ekspertlər qiymətləndirmə prosesində aşağıdakı meyarlara əsaslanırlar :
- Maliyyə və real baxımdan layihə nə dərəcədə cəlbedicidir?
- Komanda bazar və biznes xüsusiyyətlərini nə dərəcədə yaxşı bilir?
- Biznes-plan və ya icmal nə dərəcədə aydın və anlaşıqlı yazılıb?
- Təklif olunan struktur-layihə bazarda lider ola bilərmi?
- Komanda Layihənin prototipini yarada bilibmi?
- Komanda nə dərəcədə uğurlu və təcrübəlidir?
- Komanda motivasiyanı qoruyub işi başa çatdıra biləcəkmi?
- Komandanın bir və ya bir neçə üzvündə ideya və ya xidmətləri təşviq etmək üçün lazımi bacarıqlar varmı?
- Komandada investisiyalarla işləmək təcrübəsi və ya bununla bağlı hər hansı dəqiq plan varmı?
- Layihə bazarda təxminən nə qədər müddət yaşaya bilər?
Ekspertlər qiymətləndirmə prosesində öz subyektiv baxışları və dəyərləndirmələri əsasında da qiymətləndirmə apara bilərlər.
Ekspertlər həm bu meyarlar əsasında, həm də öz təcrübələri , bilik və məlumatları əsasında qiymətləndirmə apara bilərlər.
Ekspertlər Şurasının qərarı saytda dərc olunur və nəticələr açıqlanır. Hər hansı Apelyasiya şikayəti qəbul edilmir. Ekspertlərin qərarı həlledicidir.
Komanda və mütəxəssislər.
Layihələrin komandasında bir və daha çox şəxs ola bilər. Layihənin hər hansı hüquqi şəxs – şirkət və ya firma tərəfindən təqdim olunması məcburi deyildir. Hər bir şəxs: tələbələr, veb-ustalar, developerlər də bu yarışmada iştirak edə bilərlər.
Əgər bir neçə nəfər olarsa, komanda bir lider müəyyən edir və həmin şəxs bu komanda adından ərizə verir və müsabiqənin təşkilat komitəsi ilə qarşılıqlı əlaqə yaradır. Komandanın digər üzvləri də sistemdə komanda üzvü kimi qeydiyyatdan keçirlər və müsabiqənin bütün tədbirlərində iştirak edirlər.
Müxtəlif StartUp-larda mütəxəssis olaraq ( yəni developer, dizayner, proqramçı və s.) iştirak etmək istəyənlər saytda Mütəxəssislər olaraq qeydiyyatdan keçirlər və özləri haqqında məlumatları qeyd edirlər.
StartUp Azərbaycan çərçivəsində komanda formalaşdırmağa da dəstək verilir. Belə ki, Layihədə qeydiyyatdan keçən mütəxəssislər Layihə çərçivəsində keçirilən “Komanda axtarıram” mövzusunda tədbirə dəvət olunurlar və burda görüşlər təşkil olunur.
Məxfilik və müəllif hüquqları
Müsabiqədə iştirak edən layihələrin qiymətləndirilməsi, Ekspert Şurası üzvləri arasında paylanması TK tərəfindən aparılır. Ekspertlər biznes planlar barədə məlumatları yaymamağı öhdələrinə götürürlər.
Layihələr haqqında yalnız onu təqdim edənlər tərəfindən TK-ya verilən qısa təsvir forması açıqlanır.
Layihələrə hər hansı aidiyyəti olan Ekspert qiymətləndirmə prosesində iştirak etmir. Belə halda TK qiymətləndirmə prosesinə digər eksperti cəlb edə bilər.
Layihə iştirakçıları ilə keçirilən Təlimlərdə onlara müəllif hüquqları və intellektual mülkiyyət hüquqları ilə bağlı məlumatlar verilir.
StartUp - ların təqdim olunma Qaydası
StartUp layihələr irəli sürmək, investor olmaq, mütəxəssis olaraq iştirak etməklə bağlı müraciətlər yalnız müsabiqənin internet saytında təqdim olunur. Oflayn formada ərizələr qəbul olunmur. Yarımfinala keçən StartUp-ların geniş biznes-planları e-poçt vasitəsilə də qəbul edilə bilər.
Ərizələrin qəbulu üçün son tarix TK tərəfindən qabaqcadan müəyyən olunur. Bu tarix Müsabiqənin gedişi müddətində TK tərəfindən dəyişdirilə bilər.
Ərizələr formada göstərilən qaydada doldurulur və “Göndər” düyməsinə basmaqla sistemə daxil edilir. Formada məcburi olaraq qeyd olunan (* işarəsi olan) bəndlər mütləq doldurulmalıdır.
Siz qeydiyyat müddətinin sonuna qədər öz ərizənizdə dəyişiklik edə bilərsiniz. Göstərilmiş tarixdən sonra dəyişikliklər qəbul olunmur. Qeydiyyat prosesini uğurla başa çatdırdıqdan sonra Sizin Layihəniz haqqında məlumatlar saytda açıqlanacaq.
Layihənizin qəbul edilməsi ilə bağlı məlumat Sizin e-poçtunuza göndəriləcək.
Fiormanı doldurarkən Başlıq və Sloqan hissələrdə qısa və yaddaqalan ad seçilməsi tövsiyyə olunur. Layihənin digər üzvləri də sistemdə qedyiyyatdan keçə bilərlər və StartUp Azərbaycan tədbirlərində iştirak edirlər. Mini-CV yerində Layihə üzərində işləyən Komandanın üzvlərini qeyd edə bilərsiniz. Əgər Komanda yoxdursa özünüz haqqında əlavə məlumat daxil edə bilərsiniz. Demo (Sayt) bölməsində Layihənizin prototipini ( saytınızın URL-ni) qeyd edirsiniz.
Formada qeyd olunan Layihənin qısa təsviri 100 -120 simvoldan artıq olmamalıdır. Bu məlumat ictimaiyyət üçün açıqlanır. Qısa təsvir Layihənin əsas ideyası, fəaliyyət istiqamətini göstərir və səhifədə slayder formasında görsənəcək.
Geniş mətn adlanan hissəyə Layihənizin tanıtımı üçün vacib olan digər məlumatları daxil edə bilərsiniz. Buraya təxminən 1 səhifəyədək məlumat əlavə etmək olar. Bu məlumatlar da ictimaiyyət üçün açıqlanır və Layihənizin reklamı üçün əsasən buradakı məlumatlardan istifadə olunacaq. Odur ki burada kommersiya və ya açıqlanmasını arzu etmədiyiniz məlumatları daxil etməyin.
Ekspertlərin qiymətləndirilməsi üçün vacib olan məlumatı göndərmək üçün Sənədi yüklə menyusundan istifadə edirsiniz. Ekspertlər əsasən bu məlumatlardan istifadə edərək ilkin qiymətləndirməni aparacaqlar. Buraya təxminən 1500 söz əlavə etmək olar. Burada ümumi şkildə Layihənizin ideyası, rəqabət və satış(xidmət) məsələləri, Komandanız və s haqqında məlumatlar yer ala bilər. Bu məlumatlar ictimaiyyət üçün açıqlanmır.
Yarımfinala çıxan iştirakçılar Layihələri ilə bağlı daha geniş biznes-plan təqdim edirlər. Biznes-planda Layihənin tam detallı təsviri verilir. Biznes-planların tərtibatı ilə bağlı Yarımfinala çıxanlar üçün Təlimlər keçiriləcək.
Aşağıda biznes-planın əsas hissələri verilib. Bu sahələrdə ümumi mətn 2500-3000 sözdən artıq olmamalıdır.
Biznes ideyanın müxtəsər və aydın təsviri mühüm əhəmiyyət kəsb edir.
Biznes-planın əsas hissələri:
Konsepsiya ideya
Bazarın öyrənilməsi, satış və marketinq
Sizin rəqabət üstünlüyünüz
Maliyyə planı
Komanda
Təxmin edilən maliyyə vəsaitləri
Biznes-planın yazılması üçün saytda yerləşdirilən Nümunədən istifadə etmək olar.
Biznes planların ingilis dilində də verilməsi arzuolunandır.
StartUp Azərbaycan tədbirlərinin qrafiki
(Göstərilən müddətlər təxminidir və TK tərəfindən dəyişdirilə bilər)
- StartUp Azərbaycan Layihəsi çərçivəsində Müsabiqəyə hazırlıq ( fevral-mart)
- StartUp Azərbaycan Müsabiqəsinin elan edilməsi (Mətbuat konfransı və ya mövzu üzrə ictimai müzakirənin təşkili) (mart)
- Müsabiqənin gedişi, StartUp-ların ərizələrinin qəbulu, istifadəçilərin qeydiyyatı, StartUp-çılar təklikdə və ya komanda formasında öz Layihələrini təqdim edirlər. (Mart-Aprel-May)
- Qeydiyyatdan keçən Startup-ların ilkin seçiminin Ekspertlər Şurası tərəfindən aparılması ( 1-10 May)
- Yarımfinala keçən StartUp-lardan biznes-planların, təqdimatların qəbul edilməsi (May)
- Yarımfinala keçənlər üçün biznes-planların hazırlanması üzrə Təlimlər (Xarici ekspertin dəvət edilməsi) (May)
- Bütün maraqlı tərəflərin iştirakı ilə hər il Konfrans təşkil etmək (Aprel-May)
- StartUp-lara Komanda formalaşdırılması üçün mütəxəssislərlə görüşlərin keçirilməsi (Aprel-May)
- Finalçıların müəyyən edilməsi (15 May - 15 İyun)
- Finalçılarla Təlimlərin keçirilməsi (investorlar qarşısında Təqdimatların keçirilməsi üzrə təlimlər (15 May - 15 İyun)
- Finalçıların investorlarla görüşlərinin keçirilməsi, yerli dövlət və vençur fondlara təqdim olunması və xarici ölkələrə göndərilməsi
- Yekun təqdimat mərasiminin keçirilməsi (İyunun sonu)
Tədbirlər və Müsabiqənin gedişi ilə bağlı məlumatlar müntəzəm olaraq saytda verilir. Qeydiyyatdan keçən istifadəçilər zəruri məlumatları öz e-poçtları vasitəsilə də ala biləcəklər.
Görüşlər, toplantılar , təqdimatlar
StartUp Azərbaycan çərçivəsində bir sıra görüşlər, kamplar, təlimlər və toplantılar keçirilir.
StartUp Azərbaycanda iştirak edən StartUp-ları cəlb etməklə hər il ənənəvi Forum təşkil olunur. Layihə çərçivəsində keçirilən Müsabiqədə iştirak edən StartUp-ların mütəxəssislər, təcrübəli StartUp-çılar , xarici ekspertlər və investorlarla görüşləri təşkil olunur.
Müsabiqə qaliblərinin hər il ənənəvi Təqdimat mərasimi təşkil olunur. StartUp Azərbaycan Bakıda və regionlarda İT yönümlü universitet tələbələri və developerlərlə görüşlər keçirməyi nəzərdə tutur.
StartUp Azərbaycan da iştirak etməklə siz nə qazanırsınız?
- öz StartUp- ınızı tanıtmaq imkanı əldə edirsiniz
- StartUp-lar sahəsində yerli və beynəlxalq təcrübəni öyrənirsiniz
- xarici ekspertlərin də iştirakı ilə keçirilən müxtəlif təlimlərdə, görüşlərdə bilik və bacarıqlar əldə edirsiniz
- öz StartUp- ınız üçün komanda formalaşdırmağa imkan əldə edirsiniz
- İnvestorlar haqqında məlumatla əldə edirsiniz və İnvestorlarla görüşmək imkanı qazanırsınız
- xarici ölkələrdə təcrübə keçmək imkanı əldə edirsiniz
- müxtəlif sponsorların simvolik mükafatlarını qazanırsınız.
- StartUp Azərbaycan çərçivəsində keçirilən tədbirlərdə yeni əlaqələr qurmaq imkanı qazanırsınız və s.
Qeydiyyatdan keçən İnvestorlar aşağıdakı məlumatlarla bağlı qısa icmal təqdim edirlər :
- İnternet biznes sahəsində indiyədək olan hər hansı fəaliyyət
- Ümumiyyətlə biznes sahəsindəki missiya və ya fəaliyyət istiqaməti
- StartUp Azərbaycan çərçivəsində yatırım edəcəyiniz əsas sahələr ( elektron ticarət, oyunlar, sosial media, mobil tətbiqlər və s)
Qeyd oluna məlumatlar (icmal) saytda yerləşdiriləcək və kommersiya əhəmiyyəti olan məlumatların verilməsi arzuolunan deyil.
Sizi maraqlandıran digər suallarla bağlı info@startup.az ünvanına yaza bilərsiniz